2016-05-24

Azərbaycan Respublikasının təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinə səfər etmişdir

Qətər Dövlətinin Əmirinin cari ilin mart ayında ölkəmizə səfəri çərçivəsində əldə olunmuş razılığa əsasən və səfər çərçivəsində imzalanmış “Azərbaycan Respublikası Hökuməti və Qətər Dövləti Hökuməti arasında təhsil və elmi tədqiqat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”na uyğun olaraq, təhsil naziri Mikayıl Cabbarov 23 may 2015-ci il tarixində Dohaya səfər edib.
 
Səfəri çərçivəsində təhsil naziri Mikayıl Cabbarov Qətər Dövlətinin təhsil və ali təhsil naziri Məhəmməd bin Əbdülvahid Əl-Həmmadi ilə görüş keçirib. Görüşdə iki ölkə arasında təhsil sahəsində əməkdaşlığın mövcud vəziyyəti və gələcək inkişaf perspektivləri müzakirə edilib. Mikayıl Cabbarov “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası” çərçivəsində təhsil islahatları barədə qətərli həmkarına ətraflı məlumat verib.
 
Daha sonra təhsil naziri Qətər Universiteti və Həməd bin Xəlifə Universitetini ziyarət edərək hər iki ali təhsil müəssisəsinin prezidentləri ilə görüşüb. Görüşlər zamanı təhsil sahəsində əməkdaşlığın və birgə fəaliyyətin genişləndirilməsinin, birgə elmi tədqiqatların həyata keçirilməsinin əhəmiyyəti vurğulanıb.
 
Səfər çərçivəsində təhsil nazirinin Qətər Fondu və “Təhsil Şəhəri”nə ziyarəti baş tutub. Nazirə Qətər Dövlətinin təhsil sahəsindəki nailiyyətləri, həyata keçirilən bir sıra layihələr haqqında məlumat təqdim olunub.
 
Sonda Mikayıl Cabbarov “Fəxri Qonaqlar Kitabı”na ürək sözlərini qeyd edib.
 

Arxiv üzrə axtarış