2016-05-20

Qətərin paytaxtı Doha şəhərində Azərbaycan muğam gecəsi keçirilmişdir.

Tədbir Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyinin təşkilatçılığı ilə Qətərin “Katara Mədəniyyət Şəhərciyi Baş İdarəsi” ilə birgə əməkdaşlıq çərçivəsində təşkil edilmişdir. Tədbirdə Qətərin mədəniyyət və incəsənət nümayəndələri, media işçiləri, ölkədəki diplomatik korpus təmsilçiləri, sənətsevərlər və Azərbaycan diaspora nümayəndələri iştirak etmişlər.
 
Tədbirin əvvəlində səfirliyin əməkdaşı qonaqları salamlaşmışdır. Daha sonra Azərbaycan muğamından və ölkə rəhbərliyi tərəfindən muğamın inkişafına verilən yüksək diqqətdən bəhs edən qısa video-çarx nümayiş etdirilmişdir.
 
Gecədə Azərbaycanın tanınmış muğam ifaçısı, xalq artisti Mələkxanım Əyyubova və musiqiçilər xalq artisti Müslümov Möhlət, Əliyev Elnur, Şərifov Oqtay və Əhmədov Əhməd “Azərbaycan Muğam Gecəsi” adlı konsert proqramı ilə çıxış etmişlər.
 
Konsert zamanı Azərbaycanın muğam və xalq musiqi nümunələri tamaşaçılara təqdim edilmişdir. Konsertdə ifa edilən muğam musiqisi dinləyicilər tərəfindən böyük maraqla qarşılanmışdır.
 
Muğam Gecəsi ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və 28 May - Respublika Günü münasibətilə keçirilmişdir.

Arxiv üzrə axtarış