2016-05-10

Bakıda Azərbaycan-Qətər işgüzar görüşü keçirilmişdir.

Mayın 10-da Bakı Biznes Mərkəzində Qətər İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Əli Al-Taninin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana səfəri çərçivəsində İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) təşkilatçılığı ilə Azərbaycan-Qətər işgüzar görüşü keçirilmişdir.

İqtisadiyyat nazirinin müavini Niyazi Səfərov Azərbaycan ilə Qətər arasında siyasiiqtisadi əlaqələrin inkişaf etdiyini, qarşılıqlı rəsmi səfərlərin əməkdaşlığın genişləndirilməsində mühüm əhəmiyyətini vurğulayıb. İki ölkə arasında hökumətlərarası komissiya və parlamentlərarası dostluq qrup fəaliyyət göstərir, birgə biznes forum, işgüzar görüşlər təşkil olunur. Niyazi Səfərov bugünkü işgüzar görüşün əməkdaşlığın inkişafına, iqtisadi-ticarət əlaqələrinin genişlənməsinə töhfə verəcəyini qeyd edib.
 
Nümayəndə heyətinə Azərbaycanda yaradılmış əlverişli biznes və investisiya mühiti, sahibkarlara göstərilən dövlət dəstəyi mexanizmləri, xarici investorlar üçün yaradılmış şərait barədə geniş məlumat verilib.
 
Qətər İnvestisiya Qurumunun biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Əli AlTani ölkələrimiz arasında mövcud siyasi-iqtisadi əlaqələrin yüksək səviyyədə olduğunu diqqətə çatdırıb. Vurğulayıb ki, Azərbaycanın iqtisadi uğurları qətərli iş adamları tərəfindən yüksək qiymətləndirilir. Hər iki ölkənin iş adamları arasında əlaqələrin daha da genişləndirilməsi üçün böyük potensial mövcuddur.
 
Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (AZPROMO) rəhbəri Rüfət Məmmədov ölkəmizin investisiya mühiti və biznes imkanlarına, Sumqayıt Kimya Sənaye Parkının direktor müavini Zaur Məmmədov parkın fəaliyyətinə dair təqdimatlarla çıxış ediblər.
Sonda Qətər İnvestisiya Qurumunun analitiklərinin sualları cavablandırılıb.
 
 

Arxiv üzrə axtarış