2020-07-18
Rəşad İsmayılov: Ermənistan təxribatçı əməllərlə regionda yeni münaqişə ocağı yaratmağa çalışır

Qətərin geniş oxucu kütləsinə malik “Peninsula” qəzetində Ermənistanın son günlərdə törətdiyi təxribatçı əməlləri ifşa edən yazı dərc olunub.

Azərbaycanın Qətərdəki səfiri Rəşad İsmayılov ilə müsahibədən ibarət olan yazıda Ermənistanın danışıqlar prosesini hər vasitə ilə pozduğu, işğal etdiyi Azərbaycan ərazilərindən çəkilmək istəmədiyi bildirilib. Ermənistanın son əməlləri ilə regionda yeni münaqişə ocaqları yaratmaq niyyətində olduğu, eyni zamanda, üzv olduğu siyasi-hərbi təşkilatı bu münaqişəyə cəlb etmək istədiyi vurğulanıb. Qeyd edilib ki, Ermənistan hakimiyyəti əhalinin diqqətini ölkədə hökm sürən ağır sosial-iqtisadi vəziyyətdən yayındırmaq üçün belə addımlara əl atır.

Müsahibədə xüsusilə qeyd edilib ki, Ermənistanın son təxribatı işğal olunmuş Dağlıq Qarabağ və ətraf rayonlar boyunca yerləşən qoşunların təmas xəttində deyil, məhz hər iki ölkənin dövlət sərhədində baş verib. Azərbaycanın qərb sərhədlərinin böyük hissəsinə ölkənin sərhəd xidməti nəzarət etdiyi halda, təcavüzkar Ermənistan sərhəd boyunca ağır zirehli texnika və artilleriya qurğuları yığıb. Yazıda Ermənistanın mütəmadi şəkildə mülki əhaliyə atəş açdığı bildirilib. Bunun Ermənistan ordusunun fəaliyyət prinsipi olduğu bildirilərək, son hadisələr zamanı yenidən mülki əhalinin ağır silahlardan atəşə tutulduğu yazılıb.

Həmçinin yazıda mövcud gərginliyin azaldılması istiqamətində beynəlxalq səylərə toxunulub, ATƏT-in Minsk qrupunun fəaliyyəti qeyd olunub. Bir sıra təşkilatların və dost ölkələrin, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı və Türk Şurasının, həmçinin Türkiyə, Pakistan, Moldova və Səudiyyə Ərəbistanının açıq mövqe ortaya qoyaraq, Ermənistanın hücumunu və dövlət sərhədində atəşkəs rejimini pozmasını qınadığı vurğulanıb.

Yazıda, həmçinin Azərbaycan-Qətər əlaqələrinin müxtəlif aspektlərinə dair suallar cavablandırılıb.

növbəti xəbər əvvəlki xəbər