2020-03-16
Qətər Dövlətində yaşayan Azərbaycan Respublikası vətəndaşlarının diqqətinə!

Hörmətli həmvətənlər,

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) tərəfindən qlobal pandemiya elan olunmuş koronavirus (COVID-19) infeksiyası dünyada, o cümlədən Qətər Dövlətində sürətlə yayılmaqdadır. Bununla əlaqədar olaraq, Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi aşağıdakı addımların atılmasının zəruriliyini diqqətə çatdırır:

1-Virusdan effektiv şəkildə qorunmaq üçün ÜST və Qətər Dövlətinin müvafiq orqanlarının yaydığı məlumat və tövsiyələrin diqqətli şəkildə izlənilməsi, eləcə də verilən tövsiyələrə ciddi əməl olunması (bununla bağlı,  ÜST və Qətər Dövlətinin Səhiyyə Nazirliyinin rəsmi saytlarında yaradılmış xüsusi səhifələrdən məlumat əldə etmək mümkündür:

https://www.who.int/emergencies/diseases/novel-coronavirus-2019/advice-for-public

https://www.moph.gov.qa/english/Pages/Coronavirus2019.aspx);

2-Zərurət yaranmadığı müddətcə insanların kütlə halında toplaşdığı və ya hərəkət etdiyi məkanlardan uzaq durmaq;

2-Fərdi gigiyena və sanitar qaydalara riayət etmək:

4-Virusa yoluxma ilə bağlı şübhə yarandıqda, yaxud simptomlar müşahidə edildiyi zaman tibbi müayinədən keçmək;

Səfirlik eyni zamanda bildirir ki, koronavirus ilə əlaqədar baş verəcək fövqəladə vəziyyətlərdə və təxliyə zamanı AR vətəndaşlarının operativ qaydada məlumatlandırılmasının təmin edilməsi məqsədilə vətəndaşlarımızın Səfirliyin konsulluq şöbəsində qeydiyyata düşməsi vacib əhəmiyyət daşıyır. Bu baxımdan, hər hansı fövqəladə vəziyyət zamanı Səfirliyin məlumatlandırılması, hüquqi yardımın göstərilməsi üçün müraciət edilməsi və konsulluq şöbəsində qeydiyyata düşmək üçün (daha öncədən konsulluq şöbəsində qeydiyyata düşmüş şəxslərə də şamil olur) Səfirliyimizdə "qaynar xətt" yaradılmışdır (+974 5028 9222).

Səfirlik, həmçinin bildirir ki, konsulluq sahəsində çalışan əməkdaşların, habelə qəbula gələn vətəndaşlar arasında yoluxma riskinin azaldılması məqsədilə təcili olmayan konsulluq əməliyyatları təxirə salınır. Vətəndaşların qəbulu yalnız əvvəlcədən müəyyən edilmiş görüş vaxtlarında, tək-tək aparılacaqdır.

növbəti xəbər əvvəlki xəbər