2020-02-28
Qətərin ən böyük məscidlərindən birində Xocalı soyqırımı qurbanları anılıb

Qətərin ən böyük məscidlərindən biri olan Aişə bint Əbu Bəkr məscidində cümə xütbəsi zamanı Xocalıda baş verən qətliamlar barədə danışılıb.   

Mənzil-qərargahı Qətərdə yerləşən Müsəlman Alimlərinin Beynəlxalq Birliyinin Baş Katibi və İslam aləminin nüfuzlu din xadimlərindən olan Əli Muhyiddin Əl-Qaradaği cümə xütbəsində Xocalı soyqırımına geniş yer ayırıb.

O, öz nitqində bildirib ki, tarixən bir çox müsəlman xalqları zülm, haqsızlıq və qətliamlarla üzləşsə də, təəssüflər olsun ki, bəzən müsəlmanların özləri tərəfdən etinasız və laqeyid yanaşma bu faktların geniş kütlələrə çatdırılması və layiqli hüquqi qiymət almasına mane olub.  Xətib müsəlmanlar əleyhinə hücumların əvvəllər də baş verdiyini, indi də davam etdiyini deyərək, 1915-ci ildə erməni silahlı qruplaşmaları tərəfindən Azərbaycan və Osmanlı ərazilərində müsəlman azərbaycanlılara və türklərə qarşı törədilmiş qırğınlara toxunub, bu hücumlarda minlərlə insanın həyatını itirdiyini qeyd edib. Qətlə yetirilən insanların saysız-hesabsız olduğunu bildirən baş katib, buna rəğmən bu gün həmin təcavüzkarların deyil, “erməni soyqırımı” adı altında müsəlmanların günahkar hesab edildiyini diqqətə çatdırıb. Daha sonra o, ermənilərin müasir dövrdə də - 1992-ci ilin 26 fevral tarixində Azərbaycanın Dağlıq Qarabağ bölgəsində yerləşən Xocalı şəhərində vəhşi qətliam törətdiklərini bildirib. Müsəlmanların da xəbərsiz olduğu bu soyqırıma görə ermənilərin heç kim tərəfindən ittiham edilməməsindən təəssüfləndiyini bildirən Əl-Qaradağı bütün müsəlmanların həmrəyliyinin zəruriliyini diqqətə çatdırıb.

             

növbəti xəbər əvvəlki xəbər