2020-02-12
ARDİDK sədri Fuad Muradov Qətərdə yaşayan soydaşlarımızla görüş keçirmişdir

Qətər Dövlətində səfərdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov 10 fevral 2020-ci il tarixində Qətərdə yaşayan Azərbaycan diasporunun nümayəndələri ilə görüş keçirib.

Görüşdən əvvəl nümayəndə heyəti ölkəmizin Qətərdəki səfirliyində ümummilli lider Heydər Əliyevin büstünü ziyarət edib, qarşısına gül dəstələri düzüblər.

Dövlət Himnimizin səsləndirilməsilə başlayan görüşü giriş sözü ilə açan ölkəmizin Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Dövlət Komitəsinin nümayəndə heyətinin bu ölkəyə səfərini yüksək qiymətləndirib. O, 2018-ci ilin dekabr ayında Qətərdə yaşayan həmvətənlərimizlə birgə qəbul olunmuş qərar əsasında bu ölkədə Azərbaycan diaspor təşkilatı təsis edildiyini, təşkilata aidiyyəti üzrə razılaşdırmaqla rəhbər şəxs seçildiyini bildirib. Səfirlik tərəfindən Qətərdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində mütəmadi tədbirlərin görüldüyünü bildirən səfir, 2019-cu ildə Azərbaycan dilinin və tarixinin xaricdə yaşayan soydaşlarımıza tədris edilməsi məqsədilə Səfirliyin inzibati binasında açılmış “Bazar günü məktəbi” barədə məlumat verib. Səfir gələcəkdə də bu cür görüşlərin keçiriləcəyinə ümidvar olduğunu bildirərək, hər kəsi diasporun işinə töhfə verməyə və bu işdə fəal iştirak etməyə çağırıb.

Daha sonra Dövlət Komitəsinin sədri Fuad Muradov “Strateji Yol Xəritəsi”nə uyğun olaraq rəhbərlik etdiyi qurumun fəaliyyəti, həyata keçirilən layihələr, dünyanın müxtəlif ölkələrində Koordinasiya Şuralarının yaradılması, xaricdə Azərbaycan evlərinin açılması, Diaspor Gənclərinin Yay Düşərgələri, həftəsonu Qarabağ məktəblərinin yaradılması, xaricdə yaşayan soydaşlarımızla keçirilən görüşlər,  eləcə də digər mühüm layihələr haqqında tədbir iştirakçılarına ətraflı məlumat verib. O, Diaspor TV, Diaspor FM, ümumilikdə Dövlət Komitəsinin media fəaliyyəti barədə danışaraq, həmvətənlərimizi sosial şəbəkələrdə fəal olmağa, böyük diaspor ailəsinə qoşulmağa dəvət edib. O, diasporların fəaliyyətinin uğurlu olmasının soydaşlarımızın bu işdə nə dərəcədə aktiv təmsil olunmalarından asılı olduğunu vurğulayaraq, Dövlət Komitəsi tərəfindən Azərbaycan diaspor təşkilatlarına hər zaman lazımı dəstəyin göstəriləcəyini qeyd edib.

Komitə sədri Qətərdəki Azərbaycan diasporunun fəaliyyəti ilə bağlı tədbir iştirakçıları ilə fikir mübadiləsi apararaq, rəy və təklifləri dinləyib, məsləhətlərini verib. Qətərdə yaşayan azərbaycanlılar Komitə sədrinin səfərini yüksək qiymətləndirərək, səfərin təşkilinə görə dərin təşəkkürlərini ifadə ediblər. Tədbirdə, həmçinin “Bazar günü məktəbi” çərçivəsində dərslərin təşkilində göstərdiyi fəaliyyətə və mədəni irsimizin təbliği sahəsində aktiv fəaliyyətinə görə Qətərdə yaşayan həmvətənimiz Mehdiyeva Nazənin Adıbala qızına Dövlət Komitəsi adından təşəkkür plaketi təqdim edilib.

növbəti xəbər əvvəlki xəbər