2020-01-21
20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində anım tədbiri keçirilib. Tədbirdə Səfirliyin əməkdaşları, Qətərdə yaşayan azərbaycanlılar, həmçinin yerli ictimaiyyət nümayəndələri iştirak edib.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Daha sonra səfir Rəşad İsmayılov tədbir iştirakçılarına müraciət edərək, faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə ətraflı danışıb.

20 Yanvar hadisələrinin səbəbləri və nəticələrindən söz açan səfir, qeyd edilən faciənin Azərbaycanın yeni tarixinin ən qanlı hadisələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaralandığını, həmçinin ölkədə böyük dağıntıların törədildiyini nəzərə çatdırıb. Həmin gün şəhid olan ölkə vətəndaşlarının öz qanları bahasına Azərbaycanın müstəqillik və azadlıq mübarizəsi tarixində şanlı səhifə açdıqlarını bildirib.  O, ümummilli lider Heydər Əliyevin faciənin ertəsi günü Azərbaycanın Moskvadakı nümayəndəliyinə gələrək Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etməsini qeyd edərək bildirib ki, məhz ulu öndərin hakimiyyəti dövründə faciəyə dövlət səviyyəsində siyasi-hüquqi qiymət verilib. Səfir, həmçinin 20 yanvar şəhidlərinin xatirəsinin əbədiləşdirilməsi, adlarının uca tutulması, o cümlədən onların ailələrinin sosial müdafiəsinin gücləndirilməsinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daim diqqət mərkəzində olduğunu və bu istiqamətdə mühüm tədbirlərin həyata keçirildiyini vurğulayıb.

Səfir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq iradəsini daha da möhkəmləndirib və faciədən qısa müddət sonra onun azadlıq və müstəqilliyini yenidən bərpa etməsi ilə nəticələnib.

Tədbir, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib. Tədbirdən sonra şəhidlərimizin ruhuna ehsan süfrəsi açılıb.

20 Yanvar faciəsinin 30-cu ildönümü ilə əlaqədar Qətər mətbuatında geniş yazı dərc edilib.

növbəti xəbər əvvəlki xəbər