2023-05-30

28 May - Müstəqillik Günü münasibətilə Qətərdə qəbul təşkil olunub

Müstəqillik Günü münasibətilə Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyi tərəfindən Doha şəhərində rəsmi qəbul təşkil olunub.

Tədbirdə Qətərin dövlət qurumlarının rəhbər şəxsləri, o cümlədən bələdiyyə naziri Abdullah bin Abdulaziz bin Turki Al Subai, dövlət naziri və Qətər Milli Kitabxanasının prezidenti Həməd Bin Abdulaziz Əl-Kuvari, yerli ictimaiyyətin bir sıra nümayəndələri, iş adamları, nüfuzlu KİV-lərin təmsilçiləri, o cümlədən bu ölkədə akkreditə olunmuş diplomatik korpusun rəhbərləri və üzvləri, Qətərdə yaşayan Azərbaycan diasporunun üzvləri iştirak ediblər.

Hər iki ölkənin Dövlət himnləri səsləndirildikdən sonra Qətər Dövləti adından əsas qonaq kimi iştirak edən bələdiyyə naziri Abdullah bin Abdulaziz bin Turki Al Subai bayram münasibətilə Azərbaycan Prezidentini və xalqını təbrik edib.

Azərbaycanın Qətərdəki səfiri Mahir Əliyev tədbirdə çıxış edərək Şərqdə ilk dəfə demokratik dövlət dəyərlərini yaratmış Azərbaycan Xalq Cümhuriyyətinin istiqlaliyyətini elan etməsi ilə xalqımızın müstəqillik əzmini nümayiş etdirməsindən, həmçinin yeni tarixi şəraitdə dövlət müstəqilliyinin bərpasından söz açıb. Diplomat Ümummilli Lider Heydər Əliyevin müdrik rəhbərliyi ilə ölkəmizin suverenliyinin qətiyyətlə qorunub möhkəmləndirildiyini diqqətə çatdırıb, dahi şəxsiyyətin əzmkarlığı və qətiyyəti sayəsində Azərbaycanın davamlı inkişaf strategiyasının əsasının qoyulduğunu bildirib. M.Əliyev Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Respublikasının daxili və xarici siyasətdə qazandığı möhtəşəm uğurlardan danışıb, ölkəmizin bütün istiqamətlərdə sürətlə inkişaf etdiyini vurğulayıb.

Diplomat 2020-ci ilin sentyabrında Azərbaycan Ordusunun Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində düşməni darmadağın edərək ərazilərimizin Ermənistan tərəfindən otuz ilə yaxın davam edən işğalına son qoyduğunu bildirib, İkinci Qarabağ müharibəsinin xalqımızın tarixində şanlı səhifə olduğunu vurğulayıb.

Azərbaycan ilə Qətər arasında əlaqələrin dinamik və davamlı inkişafından danışılarkən iki dost xalqın tarixi-mədəni əlaqələrinin əsasında ölkələrimizin liderlərinin qardaşlıq münasibətlərinin durduğu qeyd olunub. Bu münasibətlərin ölkələrimizin siyasi, iqtisadi, mədəni və digər sahələrdə daha da yaxınlaşmasına töhfə verdiyi bildirilib.

Səfir Azərbaycanın ikitərəfli və çoxtərəfli formatlarda mövcud qarşılıqlı faydalı əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu vurğulayıb. O, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə səfirliyin təşəbbüsü ilə mayın 8-də Dohada ağacəkmə aksiyasının təşkilində göstərdiyi dəstəyə görə Qətərin Bələdiyyə Nazirliyinə təşəkkürünü bildirib.

Qəbulda Azərbaycanın milli musiqisi səsləndirilib, “Cəngi” estrada folklor rəqs ansamblının ifasında xalq rəqsləri ifa olunub, Azərbaycan mətbəxinin ləziz təamları təqdim edilib. Həmçinin Azərbaycanın tarixi, mədəni, iqtisadi inkişafından və uğurlarından, Bakının görməli yerlərindən bəhs edən film nümayiş olunub.

Qeyd edək ki, mayın 28-də axşam saat 18:00-dan etibarən Doha şəhərindəki “Century Marina Lusail-Twin Tower” əkiz qüllələrinin üzərində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin və Qətər Dövlətinin Əmiri Əlahəzrət Şeyx Təmim bin Həməd Al Taninin şəkilləri, Azərbaycanın Bayrağı, Xarıbülbül loqosu və “Happy Independence Day” yazısı işıqlandırılıb. Bundan başqa, Dohadakı “Sheraton” mehmanxanasının fasadı Azərbaycan Bayrağının rəngləri ilə işıqlandırılıb.

Arxiv üzrə axtarış