2019-12-13
Qətərin “The Peninsula” qəzetində ulu öndər Heydər Əliyev haqqında məqalə dərc olunub

Qətərin nüfuzlu ingilisdilli “The Peninsula” qəzetində ulu öndər Heydər Əliyevə həsr olunmuş məqalə dərc edilib.

Məqalədə Azərbaycan xalqının, o cümlədən Azərbaycanın Qətərdəki səfirliyi və Qətərdə yaşayan Azərbaycan icmasının dekabrın 12-də ümummilli lider Heydər Əliyevin vəfatının 16-cı ildönümünü hüzn və kədərlə andığı qeyd edilib.

Müasir Azərbaycanın qurucusu və Azərbaycanın böyük tarixi lideri olan Heydər Əliyevin ömrünü ölkəsinin və xalqının inkişafına və çiçəklənməsinə həsr etdiyi bildirilən məqalədə Ulu Öndərin həyatı və siyasi fəaliyyəti, eləcə də onun Azərbaycan xalqı qarşısında xidmətləri barədə məlumat verilib.

Azərbaycanın müstəqilliyinin ilk illərində üzləşdiyi çətinliklərə və erməni işğalına toxunularaq həmin illərdə ölkənin vətəndaş müharibəsi və müstəqilliyini itirmək təhlükəsi ilə üzləşdiyi bir vaxtda xalqın Heydər Əliyevdən yenidən hakimiyyətə gəlməyi tələb etdiyi xatırlanıb, onun 1993-cü və 1998-ci illərdə iki dəfə ölkə Prezidenti seçildiyi diqqətə çatdırılıb. Heydər Əliyevin ölkəsinin müstəqilliyinin qorunması istiqamətində gördüyü işlərdən danışılıb.

Məqalədə Ümummilli Liderin istər sovet hakimiyyəti illərində, istərsə də Azərbaycan müstəqillik qazandıqdan sonrakı dövrdə ölkəyə rəhbərlik etdiyi vaxtlarda əldə olunmuş nailiyyətlər, o cümlədən Ulu Öndərin neft-qaz strategiyası, “Əsrin müqaviləsi”, Bakı-Tbilisi-Ceyhan neft kəməri və Bakı-Tbilisi-Ərzurum qaz kəməri barədə geniş məlumat verilib.

Yazıda ümummilli lider Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti və aktiv fəaliyyəti sayəsində ölkənin Şərq ilə Qərb arasında etibarlı körpü rolunu oynadığı və dünyanın ən dinamik iqtisadiyyatına sahib dövlətlərdən birinə çevrildiyi nəzərə çatdırılıb.

Məqalədə Heydər Əliyevin qardaş müsəlman ölkələri ilə münasibətlərin inkişafı və möhkəmləndirilməsinə də böyük diqqət ayırdığı qeyd olunub. Onun prezidentliyi dövründə Azərbaycanla İslam Əməkdaşlıq Təşkilatı arasında münasibətlərin genişlənməyə başladığı və bu gün də uğurla davam etdiyi bildirilib.

Yazıda, həmçinin Ümummilli Liderin baxış və strategiyasını izləməklə müasir Azərbaycanın nail olduğu uğurlara toxunulub. Bildirilib ki, bu gün Azərbaycan regional aktorlar və böyük güclər arasında incə tarazlığı qoruyur, öz iqtisadiyyatını inkişaf etdirir. Bu gün Azərbaycan Respublikası bir sıra beynəlxalq layihələrin təşəbbüskarı və vacib iştirakçısıdır. “Bakı Prosesi”, Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu, Bakı Humanitar Forumu, Bakı-Tbilisi-Ceyhan əsas ixrac boru kəməri, Bakı-Tbilisi-Ərzurum qaz kəməri, Bakı-Tbilisi-Qars dəmir yolu, Cənub Qaz Dəhlizi, Cənubi Qafqaz Boru Kəməri kimi bir sıra beynəlxalq layihələr, eyni zamanda, TANAP və TAP layihələri, bir sıra qonşu ölkələrlə üçtərəfli əməkdaşlıq formatları məhz Azərbaycanın təşəbbüsü və ya dəstəyi ilə reallığa çevrilib. Hazırda Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərində işlər davam etdirilir.

Məqalədə Heydər Əliyevin bütün azərbaycanlıların qəlbində yaşadığı bildirilib.

növbəti xəbər əvvəlki xəbər