2019-04-09
Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti Doha şəhərində keçirilən Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı Assambleyasında iştirak edir

6 aprel 2019-cu il tarixində Doha şəhərində Beynəlxalq Parlamentlərarası İttifaqın 140-cı Assambleyası fəaliyyətə başlamışdır. Tədbirdə 160 ölkədən 2271 nəfər iştirak edir. 80 ölkə, o cümlədən region ölkələrindən Türkiyə, İran, Rusiya və Qazaxıstan tədbirdə parlament sədri səviyyəsində təmsil olunur.

140-cı Assambleyanın əsas müzakirə mövzularının sırasına təhsil, gender bərabərliyi, insan hüquqları, terrorçuluğa qarşı mübarizə, bərpa olunan enerji istehsalının təmini ilə yoxsulluğun azaldılması və s. daxil edilmişdir.

10 aprel tarixinədək davam edəcək tədbirin açılış mərasimi 6 aprel tarixində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Taninin iştirakı ilə baş tutmuşdur.

Açılış tədbirində Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tani, Parlamentlərarası İttifaqın prezidenti Qabriela Kuevas Barron, Qətər Parlamentinin sədri Əhməd bin Abdullah Al Mahmud, Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonq və BMT baş katibinin köməkçisi və Terrorla Mübarizə Dairəsinin prezidenti Vladimir Voronkov çıxış etmişlər.

7 aprel tarixində aparılmış müzakirələr zamanı Qətər Parlamentinin sədri Əhməd bin Abdullah Al Mahmud 140-cı Assambleyanın sədri seçilmişdir. Həmçinin, Sent-Vinsent və Qrenadin İttifaqa üzv qəbul edilmiş və bununla təşkilatın üzvlərinin sayı 179-a yüksəlmişdir.

Tədbirdə Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti (deputatlar Kamran Bayramov, Şahin İsmayilov və Sona Əliyeva) və səfir Rəşad İsmayılov iştirak edir.

 

növbəti xəbər əvvəlki xəbər