2019-02-18
Qətərdə Azərbaycan dilinin tədrisi üzrə “Bazar günü” məktəbinin açılışı keçirilib

16 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyi tərəfindən Qətərdə yaşayan azərbaycanlı soydaşlarımızın uşaqlarına doğma dilimizi, tariximizi öyrətmək üçün “Bazar günü” məktəbinin açılış mərasimi keçirilib.

Səfir Rəşad İsmayılov tədbiri açaraq, Azərbaycan Respublikasında uşaqlara olan dövlət qayğısından danışıb, ümummilli lider Heydər Əliyev tərəfindən Azərbaycan Respublikasında uşaqlarla bağlı həyata keçirilməyə başlanılmış dövlət siyasəti haqqında məlumat verib.

Səfir çıxışında, həmçinin Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva tərəfindən uşaqlara göstərilən diqqət və qayğı barədə danışıb.

Qeyd edək ki, Səfirliyin və Qətərdə Azərbaycan Cəmiyyətinin təşəbbüsü ilə açılan “Bazar günü” məktəbində 20-dən artıq soydaşımız ödənişsiz təhsil alacaq. Dərslərdə əsasən ingilis dilli məktəblərdə təhsil alan azyaşlı şagirdlərə Azərbaycan dilinin qrammatikası tədris ediləcək, eyni zamanda Azərbaycan yazıçıları və şairlərinin əsərlərindən nümunələr, qədim və yeni tariximiz öyrədiləcək.

növbəti xəbər əvvəlki xəbər