2019-01-21
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfirliyində anım tədbiri keçirilib

Tədbirdə Səfirliyin əməkdaşları, Qətərdə yaşayan azərbaycanlılar, həmçinin yerli ictimaiyyət nümayəndələri və KİV təmsilçiləri iştirak edib.

Tədbir şəhidlərimizin xatirəsinin bir dəqiqə sükutla yad edilməsi ilə başlayıb. Daha sonra səfir Rəşad İsmayılov tədbir iştirakçılarına müraciət edərək, faciənin tarixi və Azərbaycan xalqının müstəqillik və azadlıq uğurunda mübarizəsi barədə ətraflı danışıb.

20 Yanvar hadisələrinin səbəbləri və nəticələrindən söz açan səfir, qeyd edilən faciənin Azərbaycanın yeni tarixinin ən qanlı hadisələrindən biri olduğunu, yüzlərlə vətəndaşımızın qətlə yetirildiyini və yaralandığını, həmçinin ölkədə böyük dağınıtların törədildiyini nəzərə çatdırıb. Həmin gün şəhid olan ölkə vətəndaşlarının öz qanları bahasına Azərbaycanın müstəqillik və azadlıq mübarizəsi tarixində şanlı səhifə açdıqlarını bildirib. 

Səfir əlavə edib ki, 20 Yanvar faciəsi Azərbaycan xalqının öz müstəqil dövlətini qurmaq iradəsini daha da möhkəmləndirib və faciədən qısa müddət sonra onun azadlıq və müstəqilliyini yenidən bərpa etməsi ilə nəticələnib.

Tədbir, 20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunmuş filmin nümayişi ilə davam etdirilib.

 

növbəti xəbər əvvəlki xəbər