2019-01-21
20 Yanvar faciəsinin 29-cu ildönümü ilə əlaqədar Qətərin ingilis dilli “The Peninsula” qəzetində geniş məqalə nəşr edilib

Yazıda 20 Yanvar faciəsinin tarixi, 1980-cı illərin sonlarında ermənilərin xalqımıza qarşı törətdiyi vəhşiliklər, azərbaycanlıların Ermənistandan qovulması, ermənilərin Dağlıq Qarabağa qarşı iddiaları və Sovet İttifaqı rəhbərliyinin yarıtmaz siyasətinə yer verilərək, bütün bunların Azərbaycan xalqının etirazına səbəb olduğu və azadlıq hərəkatına çevrildiyi qeyd edilib.

20 yanvar 1990-cı il tarixində Azərbaycanda törədilmiş qırğının xalqımızın mübarizlik əzmini daha da möhkəmləndirdiyi qeyd edilərək, həmin vaxt Azərbaycanın ümummilli lideri Heydər Əliyevin Moskvada faciə ilə bağlı mətbuat konfransı keçirdiyi və Sovet rəhbərliyinin addımına qəti etirazını bildirdiyi diqqətə çatdırılıb.

20 Yanvar faciəsinin Azərbaycanın yeni tarixində dönüş nöqtəsinə çevrildiyi və hadisədən təqribən bir il yarım sonra ölkənin yenidən müstəqilliyini bərpa etdiyi öz əksini tapmışdır.

Azərbaycan xalqının öz şəhidlərini heç vaxt unutmadığı və hər ilin 20 yanvar tarixində minlərlə ölkə vətəndaşının Bakının ən yüksək yerində yerləşən Şəhidlər xiyabanını ziyarət etməklə ölkənin azadlığı və müstəqilliyi uğurunda canlarını vermiş şəhidlərə öz ehtiramlarını izhar etdikləri nəzərə çatdırılıb.

 

növbəti xəbər əvvəlki xəbər