2018-09-28
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətərin bələdiyyə və ətraf mühit naziri Mohammad bin Abdullah Əl-Rumeyhi ilə görüşüb

28 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov ilə Qətər Dövlətinin bələdiyyə və ətraf mühit naziri Mohammad bin Abdullah Əl-Rumeyhi arasında görüş keçirilib.

Görüş zamanı Azərbaycanda qeyri-neft sektorunun, xüsusilə kənd təsərrüfatının inkişafı sahəsində görülmüş işlər və bu sahədə olan mövcud potensialdan bəhs edilib. Səfir Azərbaycan və Qətər dövlət başçılarının qarşılıqlı səfərlərinin və həmin səfərlər zamanı həm ekologiya, həm də kənd təsərrüfatı sahələrində müvafiq əməkdaşlıq sazişlərinin imzalanmasının əhəmiyyətini qeyd edərək, sözügedən sahələr üzrə geniş əməkdaşlıq perspektivlərinin mövcud olduğunu bildirib.

Səfir həmçinin, son illər ərzində Azərbaycan Respublikasının yerləşdiyi strateji mövqe, ölkədə mövcud siyasi və iqtisadi sabitlik, xarici investisiya haqqında qanunvericililik, kənd təsərrüfatı məhsulları istehsalçılarına müddətli vergi güzəştləri eləcə də, zəngin təbii resurslar, iqlim şəriəti və digər bu kimi amillərin ölkəmizin kənd təsərrüfatı sahəsinə investisiya qoyuluşu üçün cəlbedici imkan yaratdığını qeyd edib. 

Nazir Mohammad bin Abdullah Əl-Rumeyhi Qətər tərəfinin ekologiya və kənd təsərrüfatı sahəsində Azərbaycan ilə  əməkdaşlığın inkişaf etdirilməsində maraqlı olduğunu qeyd edərək, bu sahədə əlaqələrin genişlənməsinə lazımi dəstək verməyə hazır olduqlarını bildirib

növbəti xəbər əvvəlki xəbər