2018-09-05
Azərbaycan Respublikasının Qətər Dövlətindəki səfiri Rəşad İsmayılov Qətər Sərmayə Qurumunda görüş keçirib

05 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının Qətər Dövlətindəki fövqəladə və səlahiyyətli səfiri Rəşad İsmayılov Qətər Dövlətinin suveren fondu olan Qətər Sərmayə Qurumunun (QİA) biznesin inkişafı idarəsinin rəisi Şeyx Abdulaziz bin Ali Al-Tani ilə görüş keçirib.

 

Görüşdən məqsəd ölkəmizlə Qətər Dövləti arasında iqtisadi əlaqələrin əsaslarından birini təşkil edən sərmayə sahəsində əməkdaşlığın təşviq edilməsi və Qətər sərmayəsinin ölkəmizə cəlb edilməsi üçün fikir mübadiləsi aparmaq idi.

Səfir Rəşad İsmayılov Azərbaycanın sərmayə mühiti, iki ölkə arasında mövcud olan “ikiqat vergitutmanın aradan qaldırılması” və “sərmayələrin təşviqi və qarşılıqlı qorunması” kimi Sazişlərin mövcudluğunu, sərmayələrin qorunması ilə bağlı ölkə daxili qanunvericiliyin zənginliyi ilə bağlı qarşı tərəfə məlumat vermiş və qeyd edilən amillərin, eləcə də mövcud olan yüksək səviyyəli siyasi əlaqələrin xarici sərmayə üçün etibarlı əsas yaratdığını vurğulayıb.

Şeyx Abdulaziz ölkəmizə dəfələrlə səfər etdiyini, bir sıra dövlət və özəl qurumlarda görüşlər keçirdiyini və bu fövqdə Qətər Dövlətinin xarici sərmayə siyasətində Azərbaycanın da yer aldığını qeyd edib. O, hazırda Azərbaycan Respublikasının Dövlət Neft Fondu ilə əməkdaşlıq etdiklərini və ölkəmizdə həyata keçirilən sərmayə layihələrinin QİA tərəfindən öyrənilməsinə maraq göstərdiklərini bildirib. 

Məlumat üçün bildiririk ki, QİA aktivlərinə görə dünyanın ən iri suveren fondlarından biridir və aktivləri 400 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Hazırda bir çox Avropa ölkələrində, o cümlədən Böyük Britaniyada (təqribən 40 milyard ABŞ dolları), Almaniya və Fransada (hər birində təqribən 10 milyard ABŞ dolları) və digər ölkələrdə qurumun sərmayələri mövcuddur. “Volkswagen Group”, “Porsche”, “Hochtieft” (17%-lik səhm), “Lagardère” (12%) “Total” (4%), “EADS” (6%), “Technip”, “Air Liquide”, “Vinci SA” (5%),  “GDF”, “Suez”, “Veolia” (5%), “VivendiRoyal”, “Monceau”, “France Telecom” və s. kimi şirkətlərdə qurumun səhmləri mövcuddur. Şirkət portfel sərmayələrlə yanaşı, birbaşa sərmayələrə də maraq göstərir.   

 

növbəti xəbər əvvəlki xəbər