2018-05-10
Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində ümummilli lider Heydər Əliyevin 95-ci ildönümü qeyd olunub

Azərbaycan Respublikasının Qətər Dövlətindəki Səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 95-ci ildönümü münasibətilə tədbir keçirilib.

Səfirliyin əməkdaşları və Qətərdə yaşayan Azərbaycan icmasının nümayəndələrinin iştirak etdiyi tədbirdə səfir Rəşad İsmayılov çıxış edərək,  ümummilli lider Heydər Əliyevin həyatı, siyasi fəaliyyəti və dövlətimizin inkişafı naminə göstərdiyi əvəzsiz xidmətləri barədə ətraflı məlumat verib.

Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, ölkənin siyasi, iqtisadi və mədəni həyatının yenidən dirçəlişinin  Heydər Əliyevin adı ilə bağlı olduğunu, onun yeritdiyi uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycanın bu gün Şərq və Qərb arasında etibarlı tərəfdaşa çevrildiyini qeyd edən səfir Heydər Əliyevin beynəlxalq arenadakı inamlı addımları sayəsində Dağlıq Qarabağ münaqişəsi ilə bağlı beynəlxalq ictimaiyyətin mövqeyinin dəyişdiyini və bütün beynəlxalq hüquqi sənədlərdə Azərbaycanın ərazi bütövlüyünün toxunulmazlığı məsələsinin öz əksini tapdığını vurğulayıb.

Azərbaycanın ümummilli liderinin layiqli davamçısı olan İlham Əliyevin Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirdiyini bildirən səfir, Heydər Əliyevin bütün azərbaycanlıların yaddaşında və ürəyində yaşadığını, Azərbaycan var olduqca Heydər Əliyevin də yaşayacağını qeyd edib.

növbəti xəbər əvvəlki xəbər