2018-02-26
Xocalı soyqırımı qurbanlarının xatirəsi Qətərdə anılıb

Azərbaycanın Qətərdəki səfirliyi tərəfindən Xocalı soyqırımının 26-cı ildönümü ilə əlaqədar anım mərasimi keçirilib. Tədbirdə Qətərdə yaşayan həmvətənlərimiz, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əvvəlcə Xocalı faciəsi qurbanlarının və Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarını fəda edən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Sonra səfir Rəşad İsmayılov çıxış edərək Xocalı faciəsi və Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi haqqında məlumat verib. Ermənilərin Azərbaycan xalqına qarşı dəfələrlə qırğınlar törətdiyini qeyd edən səfir Xocalı soyqırımının bəşəriyyət tarixində misli görünməyən amansızlıqla törədilmiş ən qanlı faciələrdən biri olduğunu vurğulayıb. Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca olmaqla, 613 dinc Xocalı sakininin vəhşiliklə qətlə yetirildiyini diqqətə çatdıran səfir Azərbaycan xalqına qarşı Xocalı soyqırımını törədənlərin indiyədək cəzasız qalmasının təəssüf doğurduğunu qeyd edib.

Səfir Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının zəruriliyini vurğulayıb, bu istiqamətdə son illər həyata keçirilən “Xocalıya ədalət!” beynəlxalq kampaniyası çərçivəsində böyük uğurların əldə edildiyini və artıq dünya dövlətlərinin Xocalı faciəsini soyqırımı aktı kimi tanımağa başladığını deyib.

Erməni işğalı nəticəsində Azərbaycan torpaqlarının 20 faizinin zəbt edildiyini, bir milyondan artıq azərbaycanlının doğma torpağından didərgin düşdüyünü bildirən səfir Ermənistanın təcavüzkar siyasətinin beynəlxalq təşkilatlar tərəfindən pislənildiyini, işğalçı qüvvələrin Azərbaycan ərazisindən dərhal çıxarılmasının tələb olunduğunu, lakin təcavüzkar dövlətin beynəlxalq təşkilatların bununla bağlı qəbul etdiyi qətnamələrə məhəl qoymayaraq, öz işğalçı siyasətini davam etdirdiyini deyib. Səfir Azərbaycanın ərazisinin işğalı ilə heç vaxt barışmayacağını və tezliklə erməni işğalına son qoyulacağını diqqətə çatdırıb.

Sonda Heydər Əliyev Fondunun dəstəyi ilə çəkilmiş “Xocalı soyqırımı” sənədli filmi nümayiş etdirilib.

Rəsmi hissədən sonra tədbir iştirakçıları Xocalı faciəsini əks etdirən fotosərgi ilə tanış olublar. Qarabağ münaqişəsi, xüsusilə də Xocalı soyqırımını əks etdirən kitab və materiallar paylanılıb.

Tədbir Xocalı soyqırımı qurbanlarının xatirəsinə açılmış ehsan süfrəsi ilə davam edib.

növbəti xəbər əvvəlki xəbər