2017-05-26
Qətərdə 28 May - Respublika Gününə həsr olunmuş rəsmi qəbul keçirilmişdir

28 May - Respublika günü münasibətilə Doha şəhərində rəsmi qəbul  -  ziyafət təşkil edilmişdir.

Tədbirə Qətərin rəsmi şəxsləri, o cümlədən Qətərin inkişafın planlaşdırılması və statistika naziri Saleh bin Mohammed Əl- Nabet, Qətərdə fəaliyyət göstərən diplomatik korpusun üzvləri, Azərbaycan və Türk icmasının nümayəndələri, yerli KİV təmsilçiləri və iş adamları qatılmışlar.

Tədbirdə, həmçinin Milli Məclisin üzvləri, beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov və  iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri, akademik Ziyad Səmədzadə iştirak etmişlər.

Qəbulda hər iki dövlətin himninin səsləndirilməsindən sonra Səfir Tofiq Abdullayev açılış nitqi ilə çıxış etmişdir. Qonaqlara Azərbaycan və 28 may – Respublika Günü barədə ətraflı məlumat verən Səfir, iki ölkə arasında mütəmadi olaraq həyata keçirilən qarşılıqlı səfərlərin, xüsusilə Qətər Əmirinin 2016-cı ilin martında ölkəmizə, Azərbaycan Respublikası Prezidentinin isə 2017-ci ilin fevralında Qətərə səfərlərinin  ikitərəfli əlaqələrin dərinliyinin təzahürü olduğunu bildirərək, hər iki ölkə rəhbərinin bu münasibətləri daha da inkişaf etdirmək və möhkəmləndirmək niyyətini xüsusi qeyd etmişdir.

Tədbir çərçivəsində Dövlətimizin turizm imkanlarını və tarixi abidələrini əks etdirən video-çarxlar göstərilmiş və milli musiqi parçaları səsləndirilmişdir. Tədbir ziyafətlə davam etdirilmişdir.

növbəti xəbər əvvəlki xəbər