2016-12-09
Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın ölkəmiz tərəfindən üzvlərinin iştirakı ilə iclası keçirilmişdir

Dekabrın 9-da Fövqəladə Hallar Nazirliyində (FHN) Azərbaycan Respublikası Hökuməti ilə Qətər Dövləti Hökuməti arasında Birgə İqtisadi, Ticarət və Texniki Komissiyanın Azərbaycan tərəfindən üzvlərinin iştirakı ilə ilk iclas keçirilib.

Komissiyanın həmsədri, Azərbaycan Respublikasının fövqəladə hallar naziri Kəmaləddin Heydərovun sədrliyi ilə keçirilən iclasda Maliyyə, Mədəniyyət və Turizm, Xarici İşlər, İqtisadiyyat, Təhsil, Energetika və Kənd Təsərrüfatı nazirliklərinin, Dövlət Gömrük Komitəsinin və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin Komissiyada təmsil olunan nümayəndələri iştirak ediblər.

Azərbaycan ilə Qətər arasında əlaqələrin yüksək sürətlə inkişaf etdiyini vurğulayan Komissiyanın həmsədri Kəmaləddin Heydərov dövlətlərimizin başçılarının qarşılıqlı səfərlərinin bu münasibətlərin genişlənməsi üçün möhkəm zəmin yaratdığını bildirib. Qeyd edib ki, dövlət başçılarının təşəbbüsü ilə yaradılan Komissiyanın gələcək fəaliyyəti hər iki ölkə arasında münasibətlərin daha da dərinləşməsinə istiqamətlənib. Bu səbəbdən əməkdaşlığın bütün aspektlərinin nəzərdən keçirilməsi və potensial imkanların bir daha dəqiqləşdirilməsi mühüm əhəmiyyət kəsb edir.

Komissiya üzvləri çıxışlarında hər iki ölkə arasında iqtisadi, ticarət və texniki əlaqələrin inkişaf etdirilməsi ilə bağlı təkliflər irəli sürüblər. İclasda səsləndirilən təkliflər ətrafında geniş fikir mübadiləsi aparılıb.

növbəti xəbər əvvəlki xəbər