2016-05-11
Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Əli Al-Taninin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul etmişdir.
11 may 2016-cı il tarixində Azərbaycan Respublikası kənd təsərrüfatı naziri Heydər Əsədov Qətər İnvestisiya Qurumunun Biznesin inkişafı idarəsinin rəisi Şeyx Əbdüləziz Əli Al-Taninin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
 
Görüşün məqsədi Azərbaycanın investisiya mühiti ilə tanışlıq, ikitərəfli iqtisadi münasibətlərin və investisiya layihələrinin müzakirəsi olub.
Heydər Əsədov iki ölkə arasında siyasi əlaqələrin yüksələn xətlə inkişaf etdiyini, iqtisadi əlaqələrin, xüsusilə kənd təsərrüfatı sahəsində əməkdaşlığın genişləndirilməsinin məqsədəuyğun olduğunu diqqətə çatdırıb. Nazir son dövrlərdə ölkəmizdə kənd təsərrüfatı sahəsində həyata keçirilən islahatlar, ölkə rəhbərliyinin aqrar sektora göstərdiyi diqqət və qayğı, bu sahənin inkişafı ilə bağlı qəbul olunmuş qərar və sərəncamlar, həmçinin hökumət tərəfindən kənd təsərrüfatının müxtəlif sahələrinə ayrılan subsidiyalar barədə geniş məlumat verib və Azərbaycanda aqrar sahədə əlverişli investisiya mühitinin olduğunu qeyd edib
Bildirilib ki, Azərbaycanda istehsal olunan kənd təsərrüfatı məhsulları, xüsusilə meyvə- tərəvəz öz yüksək orqanikliyi və keyfiyyətinə görə seçilir. Ölkəmizdə meyvəçilik və tərəvəzçilik sahəsində ən müasir standartlara cavab verən istehsal və emal müəssisələri yaradılıb. Azərbaycandan ixrac olunan kənd təsərrüfatı məhsulları bütün vergilərdən azad olunub, ixracın stimullaşdırılması üçün subsidiyaların tətbiqi ilə əlaqədar dövlət tərəfindən geniş tədbirlər planı həyata keçirilib və son aylarda tərəvəz məhsullarının ixracı bir neçə dəfə artıb.
Nazir Qətərin iş adamlarını Azərbaycana dəvət edib və əlaqələrin genişlənməsi üçün nazirlik tərəfindən inverstorlara lazımi dəstək veriləcəyini vurğulayıb.
Səmimi görüşə görə təşəkkür edən Şeyx Abdul Əziz Əli Al-Tani Qətərin Azərbaycanla kənd təsərrüfatı sahəsində əlaqələrə, xüsusilə heyvandarlıq, südçülük, tərəvəzçilik, ərzaq məhsullarının istehsalı sahələrinə investisiya qoyuluşunda və Azərbaycanda kənd təsərrüfatı sahəsində layihə həyata keçirməkdə maraqlı olduğunu qeyd edib. Qonaq ölkəsinin Azərbaycanın kənd təsərrüfatı sahəsinə investisiya qoymaqla keyfiyyətli məhsul əldə etmək və bu məhsulları Qətərə ixrac etməyə maraq göstərdiyini diqqətə çatdırıb.
Görüşdə tərəfləri maraqlandıran digər məsələlərə də toxunulub və qarşılıqlı fikir mübadiləsi aparılıb.
 
növbəti xəbər əvvəlki xəbər