2016-05-10
Azərbaycan Xalqı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünü qeyd edir
Hər il 10 may tarixində Azərbaycan xalqı ümummilli lider Heydər Əliyevin doğum gününü qeyd edir. Böyük tarixi lider və fenomenal siyasi şəxsiyyət olan Heydər Əliyev ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına və firavanlığına həsr etmişdir.
 
Heydər Əliyev 1923-cü il 10 may tarixində Azərbaycanın qədim Naxçıvan şəhərində anadan olmuşdur. 1964-cü ilədək ölkənin təhlükəsizlik orqanlarında müxtəlif vəzifələr tutmuşdur. 1965-ci ildən Azərbaycan SSR Nazirlər Soveti yanında Dövlət Təhlükəsizliyi Komitəsi sədrinin müavini, 1967-ci ildən isə sədri vəzifəsində işləmiş, general-mayor rütbəsinə qədər yüksəlmişdir.
 
Heydər Əliyev 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilərək Respublikanın rəhbəri olmuşdur. 1982-ci ilin dekabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun üzvü seçilən Heydər Əliyev SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsinə təyin edilmiş və SSRİ-nin rəhbərlərindən biri olmuşdur.
 
Heydər Əliyev 1987-ci ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsi Siyasi Bürosunun və şəxsən Baş katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz əlaməti olaraq, tutduğu vəzifələrdən istefa vermişdir.
 
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar ertəsi gün Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir.
 
1990-cı ilin iyulunda Azərbaycana qayıdan Heydər Əliyev ilk əvvəl Bakıda, sonra isə Naxçıvanda yaşamış, həmin ildə də Azərbaycan Ali Sovetinə deputat seçilmişdir. O, 1991-1993-cü illərdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini olmuşdur.
 
Sovet İttifaqının dağılmasından sonra və Ermənistanın Azərbaycana qarşı təcavüzünün başlaması ilə ölkədə yüksək gərginlik və siyasi böhran yarandı. Azərbaycan vətəndaş müharibəsi və müstəqilliyini itirmə təhlükəsi ilə üzləşdi. Belə bir çətin vaxtda Azərbaycan xalqı yenidən ölkəyə rəhbərlik etməsi üçün Heydər Əliyevi Bakıya dəvət etdi. O, 1993- cü il iyunun 15-də Azərbaycan Ali Sovetinin sədri seçildi, iyulun 24-də isə Milli Məclisin qərarı ilə Azərbaycan Respublikası Prezidentinin səlahiyyətlərini həyata keçirməyə başladı.
 
Heydər Əliyev 3 oktyabr 1993-cü ildə ölkədə keçirilmiş prezident seçkilərində qələbə qazanaraq, Azərbaycan Respublikasının Prezidenti seçilmişdir. 11 oktyabr 1998-ci ildə keçirilmiş növbəti prezident seçkilərində ümumi səslərin 76.1 faizini qazanan ümummilli lider yenidən Azərbaycan Respublikasının Prezidenti seçilmişdir.
 
12 dekabr 2013-cü il tarixində Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev vəfat etmişdir. Heydər Əliyev Azərbaycan Dövlətinin tarixində və onun xalqının yaddaşında əbədi yaşayacaqdır.
 
Azərbaycanın müasir tarixinin 30 ildən artıq dövrü, ölkənin siyasi, iqtisadi və mədəniyyətinin yenidən dirçəlişi Heydər Əliyevin adı ilə bağlıdır. Heydər Əliyevin uzaqgörən daxili və xarici siyasəti və yorulmaz fəaliyyəti nəticəsində Azərbaycan Şərqlə Qərb arasında etibarlı körpü rolunu oynamağa başlamış və dünyanın ən dinamik iqtisadiyyata malik ölkələrindən birinə çevrilmişdir.
 
Heydər Əliyevin beynəlxalq arenada inamlı addımları sayəsində Azərbaycan diplomatiyası aktiv mərhələyə qədəm qoymuşdur. Dünya birliyinin ErmənistanAzərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı mövqeyi dəyişmişdir. Ölkəmizin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı məsələsi bütün beynəlxalq hüquqi sənədlərdə öz əksini tapmışdır.
 
Azərbaycanda müasir, demokratik, hüquqi və dünyəvi dövlətin yaradılması, sivil cəmiyyətin inkişafı, milli və mənəvi dəyərlərə qayıdış, elm, təhsil və mədəniyyətin tərəqqisi Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün ümummilli liderin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev böyük öndər Heydər Əliyevin siyasi kursunu müvəffəqiyyətlə davam etdirir.
 
Bu gün Azərbaycanın uğurlu inkişafı Heydər Əliyevin şəxsiyyəti ilə bağlıdır. Heydər Əliyev bütün azərbaycanlıların ürəyində və xatirəsində yaşayır. Nə qədər ki, Azərbaycan var, Heydər Əliyev də yaşayacaqdır.
növbəti xəbər əvvəlki xəbər